“Brest qalası” Bakı səhnəsində

 

Nizami Kino Mərkəzində Belarus filmləri nümayiş olunub

  

   Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində Nizami Kino Mərkəzində bu ölkənin filmləri təqdim olunub. İyunun 5-də burada “Belarusfilm”in istehsalı olan “Brest qalası” bədii filmi nümayiş etdirilib.

  

   Nümayişdən əvvəl çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev iki ölkənin kino sahəsində əlaqələrindən söz açıb. Bildirib ki, Azərbaycan və Belarus kinematoqraflarının tarixi bir-biri ilə sıx bağlıdır. Keçən əsrin 30-cu illərində ilk qadın rejissorumuz Qəmər Salamzadənin Belarus rejissoru Aleksandr Popovla birgə “Dəcəl vətəgə” filmini çəkməsi ilə əlaqələrin başlanğıcı qoyulub. Bu əməkdaşlıq indiyədək yüksək səviyyədə davam etdirilir.

   Belarus-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü olduğunu deyən Cəmil Quliyev bu qurumun və Belarusun Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə mütəmadi olaraq keçirilən tədbirlərin iki ölkənin dostluğuna xidmət etdiyini diqqətə çatdırıb.

   Belarus Respublikası mədəniyyət nazirinin müavini Vasili Çernik mədəniyyət günlərinin çox yüksək səviyyədə keçdiyini, tədbirlərin böyük maraqla qarşılandığını vurğulayıb. Qeyd olunub ki, iki ölkə arasında dərin tarixi və mədəni köklərə malik əlaqələr Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən uğurla inkişaf etdirilir. Mədəniyyət sahəsində də əməkdaşlıq genişlənməkdədir. Sevindirici haldır ki, bu əlaqələrə hər dəfə yeni məzmun əlavə olunur.

   Belarus filmlərinin Nizami Kino Mərkəzi kimi möhtəşəm məkanda nümayiş olunmasından məmnunluğunu bildirən qonaq ölkəsinin kino sənətinin tarixindən də danışıb. “Brest qalası” filminin tamaşaçılarda yaxşı təəssürat oyadacağına əminliyini ifadə edib.

   II Dünya müharibəsində Brest qalasının müdafiəsindən bəhs edən filmin baş qəhrəmanlarının nəzərində insani münasibətlər də vacibdir. Filmin əsas ideyası isə qazamatlardan birinin divarında yazılmış “Ölərəm, lakin təslim olmaram” fikri ilə ifadə edilib.

   Filmin ideya müəllifi və baş prodüseri İqor Uqolnikov, quruluşçu rejissoru Aleksandr Kott, ssenari müəllifləri Vladimir Yeryomin, Aleksey Dudarev, Konstantin Vorobyov, Yekaterina Tirdatovadır. Baş rollarda Pavel Derevyanko, Andrey Merzlikin, Aleksandr Korşunov, Aleksey Kopaşov çəkiliblər.

   Film 2010-cu ildə “Belarusfilm Sentral Partnerşip” kino şirkətində istehsal edilib. 140 dəqiqə davam edən ekran əsəri böyük maraqla izlənilib.

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 5.